Ana səhifə / MAARİFÇİLİK / Hüquq / Qadına seçib-seçilmək hüququ verən ilk Şərq ölkəsi - Azərbaycan

Qadına seçib-seçilmək hüququ verən ilk Şərq ölkəsi - Azərbaycan

Əlavə etdi: QUA İB | 30.01.2019 | MAARİFÇİLİK, Hüquq
main image

Azərbaycan – Müsəlman Şərqində qadınların seçib-seçilmək hüququnu tanıyan ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçmək və seçilmək hüququnu verməsi təkcə müsəlman və Şərq cəmiyyətləri üçün əhəmiyyətli olmayıb. Çünki o zaman hətta özünü demokratiyanın beşiyi elan edən və sözün həqiqi mənasında, müasir demokratiyanın əsaslarını yaradan cəmiyyətlər qadınların seçmək və seçilmək hüququnu tanımaq istiqamətində addım atmamışdılar.


Hazırda hələ də bəzi ölkələrdə qadınlar ya qismən, ya da tamamilə seçki hüququndan məhrum edilmiş durumdadırlar. Azərbaycandan fərqli olaraq, dünyanın əksər ölkəsində qadınlar seçki hüququ qazanmaq üçün ağır mübarizə aparmalı olub. Hətta bu gün demokratiyanın tam təşəkkül tapdığı deyilən Qərb ölkələrində zərif cinsin nümayəndələri seçkidə iştirak edə bilmək üçün müxtəlif məhrumiyyətlərlə üzləşib. Azərbaycan dünyada heç bir maneə olmadan qadınların seçki hüququnu tam təmin edən ilk ölkələrdəndir.


Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ ilə yanaşı, çoxlarına bəlli olmayan, bilavasitə qadın taleyi ilə bağlı olan qərarlar da verib. müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.

Azərbaycan dövlətçilik tarixində, dövlətin inkişafında, ictimai-siyasi mühitin formalaşmasında qadınların xüsusi yeri var. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız dövlətə, dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mücadilələr verib. Bu gün də o ənənəni davam etdirirlər. Qadınların dövlətçiliyə bağlılıq, dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını müasir qadınlar çox uğurla daşıyır.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğradı. Lakin 100 il öncə əsası qoyulmuş seçki hüququnun tam təmin edilməsi ənənəsi bu gün Azərbaycanın əsas prioritetidir. 1991-ci ildə Azərbaycanın müstəqilliyi yenidən bərpa ediləndə qadınların seçmək və seçilmək hüququ da bərpa olundu.

Mövcud olduğu dövrun ictimai-siyasi və iqtisadi çətinliklərinə baxmayaraq, bütün səylərini bir çox ümummilli problemlərin həllinə yönəltmiş Azərbaycan Xalq Cümhuriyyəti və Parlamenti maarif, mədəniyyət və təhsil sahəsindəki islahatların həyata keçirilməsində qadınların təhsili və cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmasını da diqqət mərkəzində saxlayırdı. Əslində isə «qadın azadlığı» və «qadın hüquqları» məsələsi hələ ADR yaranmamışdan da əvvəl, güclü siyasi mövqeyə malik olan partiyalardan «Müsavat» və «Türk Ədəmi-Mərkəziyyət» partiyalarının ideyalarına daxil idi. Bu partiyaların liderləri M.Ə.Rəsulzadə və N.Yusifbəyli hələ 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında bu məsələ ilə bağlı müəyyən fikirlər söylədilər. Qadınların cəmiyyət daxilində gedən proseslərə qoşulmalarının vacibliyi məsələsinin qalxmasında qurultayda iştirak edən qadınlar özləri təşəbbüs qaldırdılar. Demokratik dəyərlər toplusuna Azərbaycan qadınlarının siyasi və hüquqi bərabərliyini daxil etmiş cümhuriyyət nəinki öz dövrünün, həm də indiki dövrün gender bərabərliyinin əldə edilməsi yollarını göstərdi. M.Ə.Rəsulzadə qadın problemi haqqında yazırdı: «Əgər bütün millətlərin qadınları azad və təhsillidirsə, Azərbaycan qadını onlardan geri qala bilməz».

1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Müsavat Partiyasının ilk qurultayında iki siyasi partiyanın birləşməsilə bərabər, həm də partiyanın proqramı geniş müzakirə olunduqdan sonra qəbul edildi. Daha çox demokratik dəyərlərə əsaslanan bu qərara görə dinindən, milliyyətindən, cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında hamının bərabərliyi, azad və bərabər əsaslarda təhsil hüququ nəzərdə tutulurdu.

Qadın azadlığı və maarifi məsələsinin dövlət səviyyəsində qaldırılması XX əsrin əvvələrində çarizmin müstəmləkəsi altında olan müsəlman xalqlarının 1917-ci il aprel ayının 16-dan 22-ə qədər Daşkənddə keçirilən Türküstan müsəlmanlarının ilk qurultayında da prioritet məsələ kimi diqqət mərkəzində saxlanıldı. Müsəlman qadınlarının təhsil problemi qurultay sənədlərində öz əksini tapdı və bu məsələ qurultayda qızğın disskusiyalar şəraitində müzakirə olundu. Qeyd olundu ki, Qafqaz və Türküstanda yaşayan müsəlman qadınları din pərdəsi altında ictimai həyatdan uzaqlaşdırılır və onların hüquqları hər addımbaşı pozulur. Qurultay iştirakçılarından biri olan Ə.Topçubaşov qadınların da kişilər kimi ictimai-siyasi həyatda bərabər iştirakının təmin olunmasını irəli sürdü və o dövrün qadınlara həqarətinin əsas mənbəyi sayılan coxarvadlılığa qarşı çıxdı. Lakin qurultayın bir çox mühavizəkar üzvləri bu fikirlərin əleyhinə cıxdılar və 197 imam, şeyx və mollanın imzaladığı etiraz ərizəsi ilə qurultaya müraciət etdilər. Qadın azadlıqlarının bir çox kişi nümayəndələr tərəfindən boğulmasına edilən ciddi cəhdlərə qarşı burada iştirak edən qadınlar çox kəskin çıxış etdilər: «Biz bura danlanmağa yox, düşündüyümüzü deməyə gəlmişik. Gəlmişik deyək: Nikolay hökuməti xalqın iradəsinə davam gətirə bilmədiyi kimi, mütləq sizin də iradəniz yıxılacaqdır. Biz sizin iradənizi, şübhəsiz devirəcəyik. Yadda saxlayın: bizə azadlıq vermək istəmirsinizsə, deməli millətin irəli getməyini istəmirsiniz. Millət ananın tərbiyə etdiyi uşaqlarla irəli gedir. Sizin bayraqlarınızda ədalət olmasa, irəli gedə bilməzsiniz. Sizin bizə münasibətiniz isə ədalətsizlikdir. Ədalət yoxsa, şərəflə qaldırmaq istədiyiniz bayraqları aşağı salın».

XX əsrin əvvəlində cəmiyyətin qadın azadlığını boğan qüvvələrinə qarşı belə çıxışlar müsəlman Şərqinin sosial asimetriyasına və zorakılığına qarşı geniş vüsət alacaq etirazların başlanmasından xəbər verirdi. Məhz bu hadisələrdən sonra cəmiyyətdə qadın probleminə ciddi yanaşma başlandı.

Ölkənin Ali qanunverici orqanı olan Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların iştirak etmək hüququna malik olması Azərbaycan qadınları qarşısında yeni üfüqlər açdı. Müəssisələr Məclisinə qapalı və birbaşa seçilmək hüququ almış azərbaycan qadını islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququna malik oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycan qadınına verilən belə bərabərliyə nəinki Şərq ölkələrinin böyük əksəriyyəti, həm də Avropa dövlətləri həsəd apara bilərdilər. Azərbaycan Xalq Cümhuriyyəti, Şərqdə ilk müstəqil dövlət olaraq 1907-ci ildən təməli qoyulan qadın məsələsini de-yure həll etdi. Cünki hələ 1907-ci ildə Rusiya Dövlət Dumasında çıxış edən azərbaycanlı deputat X.Xasməmmədov Azərbaycan qadınlarına kişilərlə bərabər seçki hüququ verilməsi məsələsini qaldırmışdı.

Azərbaycan Demokratik Cümhuriyyətinin qadın təhsili və hüquqları ilə bağlı həyata keçirdiyi islahatlardan danışarkən bu cümhuriyyətin qurulmasında tarixi rol oynamış M.Ə.Rəsulzadənin qadın azadlığına münasibəti haqqında danışmaq lazımdır. Qadın hüquqlarına toxunan bu görkəmli şəxsiyyət qadın azadlığını qadının maariflənməsində görürdü.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şərəfli ilklərdən biri də bütün təbəqələrdən olan qadınlara seçki hüququnun verilməsidir.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib...
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.

Azərbaycanın görkəmli ziyalıları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Öz səhifələrində qadın mövzusuna yer verən “Şərqi-Rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnallar qadının əsasən üç mühüm problemindən – təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edirdi. XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən biri təhsil almaq imkanının məhdudluğu idi. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb.

Qadın azadlığı uğrunda mübarizənin ön səhnəsinə birinci olaraq imtiyazlı sinfin qadınları çıxıblar. Onlar yaxşı anlayıblar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır. Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə çıxan “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. Az ömürlü (cəmi iki il) “İşıq” qəzetinin müəllifləri təkcə Azərbaycan maarifçiliyi ideyalarının zirvəsində durmur, hətta bərabər seçki hüquqları uğrunda mübarizədə (Həlimə Axundova), qadın birliklərinin (Münəvvər Əlixanova), qadın vətənpərvərlik təşkilatlarının (Həyatxanım Çayqırağlı) yaradılmasında iştirak edirdilər. Q.Məlikova-Zərdabi, A.Əfəndiyeva, X.Əlibəyova, X.Vəzirova və bir çox başqaları, artıq özləri təhsil prosesinin mərkəzində yerləşir, onu yaradır və azərbaycanlı qızlar üçün məktəbdə müəllimlik edirdilər. Sosial sarsıntılar dövründə əsl təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş gənc qadınların - Q.Cavanşir, A.Axundzadə, Q.Qazıyeva və digərlərinin adlarını çəkmək olar. Eyni zamanda, Avropa təhsilli X.Əzizbəyova, Ş.Əfəndiyeva, M.Bayraməlibəyova, R.Əzimzadə artıq özlərini siyasət zəminində axtarırdılar. Onlar maarifçilik və xeyriyyəçilik çərçivəsindən kənara çıxan qadın cəmiyyətləri yaradır və onlarla işləyirdilər. Azərbaycan artıq XX əsrin əvvəllərində müsəlman Şərqində qadınların öz hüquqları uğrunda mübarizə apardığı ilk ölkə idi. Bu sosial hərəkata Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar başçılıq edirdilər. İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildilər.

 
Qadına seçib-seçilmək hüququ verən ilk Şərq ölkəsi - Azərbaycan
Paylaş: