Sevinc Fədai | Qadın və Uşaq Akademiyası İB-nin sədri

"Atam mənə deyirdi ki, qızım, görürsənmi, Pakistanda nə qədər böyük problemlər var. Bu problemlər ona görə var ki, qadınlar bu ölkə üçün normal insanlar doğub tərbiyə edə bilmədilər. Qadını cahil, kölə olan cəmiyyət nə vaxt azad və böyük insanları dünyaya bəxş edə bilər ki?


Atam mənə başa saldı ki, Pakistanın xilası qadınlarla başlayacaq. Qadın savadlanandan, cəmiyyətin həyatında fəal iştirak edəndən, ümumi mənafelər üçün işləməyin vacib olduğunu dərk edəndən sonra ölkə üçün hansı insanları doğub tərbiyə etməyin lazım olduğunu başa düşəcək. Özündən başla, qızım".


Bu sözlər 90-cı illərdə Pakistanın baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı olan Benazir Bhuttoya aiddir.


Gəlişigözəl söz deyil. Qızlarını, övladlarını bu cür böyük ideyalara səsləyən, bu cür böyük amalla böyüdən atalar var, valideynlər var. Atalıq, valideynlik, böyüklük qızını lampa başına fırlayıb, alnından öpüb, ağlayıb, "Qızım, getdiyin evdə heç kimin sözündən çıxma, başını aşağı, dilin gödək olsun. Çıxdığın evə söz gətirmə" deməklə bitmir. Artıq övlad böyüyən evdə ağızdan çıxan hər söz, edilən hər hərəkət 100 dəfə ölçüb-biçilməlidir. Hardan başladığını, hardan alındığını bilmədiyimiz travmalardır ki, bu gün onları elə öz balaları ilə birlikdə qatarın altına atır...


Birimiz deyə bilərik ki, ərinin ucbatından olub, birimiz deyərik ki, qayınanası ucbatından olub. Amma bu kimi məsələləri kökü heç də görünən qədər üzdə deyil, aydın deyil. İnsanın özünü həyata bağlayan böyük amallar, sevgilər, dəyərlər yoxdur. Həyatın ilk fırtınasındaca məğlub edir, məhv edir bu yoxluqlar.


Həmişə elə bilirdim ki, insanı sevdikləri, sevənləri, doğmaları, dostları qoruya bilər, yaşada bilər. Təbii ki, bu, çox əhəmiyyət kəsb edir. Ancaq insan özü yaşamaq istəmirsə, onu, yenə deyirəm, həyata bağlayan ali dəyərlər yoxdursa, onu həmişə "hardasa ölüm çağırır". Onun sığınacağı qatarın altı, kəndir asılmış ağac budağı olur.


Bilirəm, çətindir. Kəndin ortasında çoxuşaqlı, çoxadamlı evdə, mental dəyərlərin keşikçisinə çevrilən ata-ana, qayınata-qayınana yanında öz dəyərlərinə sadiq qalmaq, onu qorumaq, bu dəyərlər uğrunda mübarizə aparmaq, savaşmaq, qalib gəlmək çətindir. Amma varmı o dəyərlər? Varmı, uğrunda savaşacağınız dəyərlər ki, onlar sizi getməyə, ölməyə qoymasın? Arzularınız varmı? Yox. Ümidləriniz varmı? Yox. Əziz qadınlar, nəyiniz var sizin yaşamaq üçün? Qucağına basdığınız, ölməyə gedəndə də özünüzlə apardığınız iki balanız... Başqa?


Yaxşı yemək bişirməyi bacarırsınız, yuduğunuz paltarın bəyazlığı göz qamaşdırır, döşəməni elə silib-təmizləyirsiniz ki, bal tök, yala. Sonra? Qohum-qonşuyla söhbət, qeybət, "Kara Sevda"da Kamal ölüb deyə dəsmal götürüb ağlamaq... Sonra? Yemək bişirmək, paltar yumaq, qonşuya etdiyiniz qeybət qapını çırpıb gedəndə, hamıdan, hər kəsdən qaçanda sizi həyata bağlaya bilirmi? Xilas edirmi ölümdən? Eləmir, vallah, eləmir.


Elə bilirsiniz, sizi qınayıram, danlayıram, sizi acılamaq, ürəyinizi qırmaq, aşağılamaq istəyirəm? Yox, vallah, yox. Sadəcə, istəmirəm, ölməyinizi, bu işıqlı dünyada bir gün görmədən ölməyinizi istəmirəm. Sevməyə, ürəkdən gülməyə, içinizin mahnısını oxumağa, dünyanı gəzməyə amanınız olmadan ölməyinizi istəmirəm.


Atın beyninizdən bu fikri ki, yaşamaq üçün mütləq xoşbəxt olmaq lazımdır, mütləq sizi kimsə xoşbəxt eləməlidir. Yaşamaq məhz budur, bu cür ağrılı, bu cür dolaşıq, bu cür qarmaqarışıq və bu cür gözəl...

Mən sizi ona görə yaxşı anlayıram ki, məni də həyatdan, yaşamaqdan bezdirən, iyrəndirən, küsdürən çox şey olub. Mən də ölmək istəmişəm... Amma səhər yuxudan durub qar yağdığını görəndə mənimçün yağdığını düşünüb yeni bir səhifə aça bilmişəm. İnsanlara, onların yazdığı kitablara, çəkdikləri filmlərə, bəstələdikləri musiqilərə sığına bilmişəm. Onlar məni böyüdüb, yetkinləşdirib. Həyat məişət qovğalarından ibarət deyil. Çəkiləcək daha böyük və gözəl əzablar var. Yaşanılacaq günlər, görüləcək yerlər, kəşf olunacaq və seviləcək insanlar, nəsnələr var.


Elə yaşayın ki, ölümü düşünməyə, ölməyə vaxtınız olmasın. Kimə desəm gülər, baxın, mən rəsm çəkmək vərdişimi qaytarmalıyam, uşaqlıqdan arzum olan piano və skripkada ifa etməyi, üzməyi, velosiped sürməyi öyrənməliyəm, xarici dil öyrənməyiləm, daha çox, daha çox insan tanımalı, onları sevməli, hekayələrini dinləməli, yazmalı, onları bağrıma basmalı, ürəklərinin döyüntüsünü durmalı, alıb yığdığım kitabları oxumalı, dostlarımın məsləhət bildiyi filmlərə baxmalı, sevdiyim yunan mahnılarını onların öz ölkəsində canlı-canlı dinləməliyəm, təhsilimi artırmalıyam... Hələ oğlum, oğlumla yaşamaq istədiklərim... Görün, mənim ölməyə vaxtım varmı? Bunun özü xoşbəxtlik deyilmi? Mən bu arzuların hamısına çatmaya bilərəm, amma onları arzulamağın özü gözəldir, ona gedən yol gözəldir. Həyatımı film kimi izləyirəm, görəsən, daha nə olacaq? Sizə maraqlı deyil bu? Mənim özüm üçün uydurduğum, inandığım nağılım var, sizin yoxdurmu?


Nə isə... Heç sizin də ölməyə vaxtınız yoxdur (İnanmırsınızsa, siz də bir siyahı tutun). Siz sadəcə cığallıq edirsiniz, xanımlar və cənablar... Etməyin!


Bu misraları da qulağınıza pıçıldayıram, elə-belə... ya da sizi sevdiyimdən...


İstiyorsan uzak kalmak ölümden


Hep aşk üzre olmalısın a canım


Ki ölüm de sevişirken kıyamaz


(Aziz Nesin)


Sevinc Fədai