Cahan Seyidzadə – filoloq, yazar: "Orta əsrlərdə, daha da dəqiqləşdirsək, XII əsrdən XVIII əsrə qədər davam edən, XV əsrdə isə kulminasiya nöqtəsinə çatan "cadugər ovu" qadınlara qarşı yönəlmiş bir hərəkat idi. Bu hərəkat nəticəsində minlərlə qadın dul və kişilər olmadan yaşaya bildikləri üçün cadugərlikdə günahlandırılaraq öldürülürdülər. Əsrlərdir qadınlığa müxtəlif izahlar, təriflər verilib, çoxsaylı ünvanlar yaraşdırılıb. Lakin bir qadını, onun hisslərini, gücünü və zəif nöqtələrini o qadının özündən və həmcinslərindən başqa heç kim daha yaxşı anlaya bilməz.
Vircinia Vulf "Özünə aid bir otaq" əsərində yazır ki, hər bir qadının müstəqil gəliri və özünə aid bir otağı olmalıdır. Qadın zaman-zaman o otağa çəkilib düşünməli, bəzən isə yazıb-yaratmalıdır. Şərqdə hər bir qadının özünə aid bir otağı olmasa da, özünə aid bir zirzəmisi mütləq var... Yaşaya bilmədiklərini, susduqlarını, danışa bilmədiklərini "yığdığı" qaranlıq, keçmiş qoxuyan, nəmli, tozlu, vahiməli və düşməyə çəkindiyi zirzəmi. O zirzəmilərin qaranlıq, dar dəhlizlərində gəzinmək, keçmişlə üzləşmək qadınların canına həmişə qorxu salır. Qorxu isə insan ömrünü alt-üst edən, yağmalayan duyğudur. Bir insan xilas olmaq istəyirsə, əvvəlcə qorxularından qurtulmalıdır. Sonra digərlərinə yardım etməlidir. Çünki əlləri bağlı olan biri başqasını xilas edə bilməz. Bu gün cəmiyyətimizdə qorxuları ilə mübarizə aparan, keçmişin əsarətindən qaçmağa çalışan qadınlarımız olduqca çoxdur. Həmin qadınlara getdikləri yolda dəstək olmaq, onları daha aydınlıq günlərə ötürmək üçün əlimizdən gələni etməliyik. Gözəl günlər bizə gəlməz, biz onlara getməliyik. Sevgi və inamla!"