Müşfiq Ötgün | Filosof

Bir dost yazmışdı ki, bu avropalılar qadınlara necə hörmət qoyur, anlamıram. Məsələn, dünən metroda müşahidə elədiyim bir cütlüyü götürək. Vaqona girəndə kişi qadından qabaq gəldi oturdu. Qadının qapıdan necə keçdiyindən xəbəri belə olmadı. Qadın gəlib başının üstündə duranda da qalxıb ona yer vermədi. Bunun nəyi qadına hörmətdir? Heyif deyil Şərq!


Etik situasiyalara qarşı həssas olduğumduğumdan məsələni bir qədər incələmək qərarına gəldim. Təbii, bu gün qərblilərin “kişi-qadın” münasibətlərində bizim üçün qəribə, hətta əcaib görünən çox şeylər vardır. Bir dəfə, beynəlxalq konfransda oteldən bizi avtobusla harasa aparmalı idilər. Avtobusa gecikib minənlər arasında yaşlı kanadalı bir professor xanımı gördü gözüm. Təbii ki, bir mərifətli azərbaycanlı kimi qalxıb yerimi yaşlı qadına təklif elədim. Qadın sanki təhqir olundu. Qəti şəkildə oturmaqdan imtina etdi. Mən israr edincə isə, ümumiyyətlə avtobusdan düşüb arxamızca taksi ilə gələcəyini bildirdi. Pərt oldum, doğrusu. Yanımda dostum vardı: “Müşfiq, otur yerinə, onlar başqa əxlaqdadırlar,”- dedi. 

Sonra bir rus əsilli professorun ABŞ-da məhkəmə çəkişməsi barədə oxudum. Məsələnin məğzi nə idi: gənc professor əlində printer daşıyan qız tələbəsinin qarşısına keçib centlmenlik edərək onun üçün qapını açıb. Qız da bu hərəkətdə seksizm əlaməti görərək müəllimdən şikayət edib. Printeri bir yerə qoyub qapını özüm də aça bilərdim yəni. Demirəm ki, kişilərdən centlmen davranışı görmək qərbli qadınların heç xoşuna gəlmir, amma bununla belə əxlaqda baş verməkdə olan əsaslı dəyişikliyi də sezməmək mümkün deyil.

Dəyişikliklər isə bir istiqamətdədir: cəmiyyətdə qadınların sosial həyatın bütün sahələrində kişilərlə bərabər qavranmasını təmin etmək istiqamətində. Öz əxlaqlarını yeganə ideal əxlaq modeli sayan şərqlilər unudurlar ki, oxşar ideal Qərbdə də hakim idi. (Zatən xristianlıq Şərqin “eksportu” idi). Özü də uzaq yox, lap elə bir əsr əvvələ qədər qadınla kişinin davranış azadlığı arasındakı fərqlər göz deşirdi. 19-cu əsrin Jorj Sand, Bronte bacıları kimi qadın yazıçıları nəşr olunmaq üçün kişi təxəllüslərindən istifadə etməli olurdular. Qadın nə karə idi ki, öz fikirlərini açıq şəkildə nəşr etdirsin! Lakin qərblilər minillik əxlaqi dəyərlərini təftiş etmək yolunu tutmaqdan çəkinmədilər. Və bu fərqlərin aradan qaldırılması üzərində bizdən daha əvvəl düşünməyə başladılar. 

İndi gələk mətləbə. Bəlkə bu gün baş verən əxlaqi transformasiyalarda bir az gərginlik və antiestetizm olsa da, düşünürəm ki, indiki mərhələ üçün təbii sayılmalıdır. Min illərdir qadın-kişi münasibətlərində bərabərlikdən danışmaq belə mümkün deyildi. Məsələnin üstü yenicə açılır. Başqa cür necə olmalı idi ki?

Ruhlu varlığı fiziki zəifliyi səbəbindən ikinci rola məhkum etdik əsrlərlə, seksual obyekt səviyyəsinə endirərək kölələşdirdik. Mədəniyyətlə möhkəmlədirdik bu vəziyyəti, dinlə, adətlərlə, vərdişlərlə, dil ilə... bu dəmir-beton qatın dağıldılması mümkünsüz görünür bəzən. Hər şey o qədər bir-birinə sarılıb ki.

Bəli, qadına metroda fikir verməmək, qalxıb ona yer verməmək əxlaqidir. Bizim üçün bu anlaşılmaz görünür. Qadınlarımızı ictimai yerlərdə gündəlik olaraq seksual təcavüzdən, atmacalardan, sürtünmələrdən, həyasız baxışlardan qorumağa vərdiş etmiş, qadınla bir yerə çıxanda daxili gərginlik keçirən bizlər üçün bunu anlamaq çətindir. Hələ də qadının kişilərin də olduğu kollektivdə işləməsindən, qızlarımızın paytaxta, ya da, Allah göstərməsin, xaricə oxumağa getməsindən narahatlıq keçirən bizlər üçün bunu anlamaq asan deyil, başa düşürəm. Və biz çoxdan bu gərgin iqlimdə yaşayırıq. Elə bir mənəvi iqlimdə ki, orada qadın əsas etibarı ilə seksual obyekt kimi qavranılınır, açıq geyinsə də, qapalı geyinsə də. Bəlkə, ikinci halda bu məqam daha çox vurğulanmış olur.

Bəli, qadına o zaman hörmət qoymuş olacağıq ki, ən azı onlara indiki kimi diqqət etməyəcəyik, metrolarda, iş yerlərində, küçədə. Fikir verməyəcəyik qadınlara. Və qadın özünü daha çox insan kimi hiss etməyə başlayacaq. Bu, yeni əxlaqdır. Demirəm ki, qadın kişi diqqətini sevmir (və həmçinin əksinə), lakin indiki diqqət aşırıdır, qeyri-sağlam diqqətdir. Yormuşuq, incitmişik qadınları diqqətimizlə, bəylər. Dəyişmək zamanıdır.