Aygün İsgəndərova | Həkim-psixiatr

Övladına mükafat qarşılığında bir iş gördürən ailənin əsl niyyətinə baxanda fərqinə varırıq ki, bunu özü üçün istəyir. Problem uşaqda və ya işdə deyil, problem ailənin niyyətindədi. Məsələn, ana uşağa otağını təmizləməsi üçün mükafat vəd edir. Niyə? Çünki evə biri gəlsə, biabır olmasın. Bu səbəbdən ailə uşağına mükafatla bir şey elətdirirsə, ilk öncə özündən soruşmalıdı: “Mən bunu övladım üçünmü istəyirəm, özüm üçünmü? Bunu istəməyə haqqım varmı?”


Mükafat (xarici motivasiya) nədir?

Mükafat bir şərtə bağlı olaraq verilən və verilən şəxs tərəfindən cazib görünən bir əşya və ya aktivlikdir. Bir əşyanı mükafat edən onun “şərt” olaraq verilməsidir. Şərt olaraq verilməyən əşya mükafat olmaz.

Bir ana “Mən övladıma sinfi keçsə, kompüter alacağımı demişəm, indi onu almayım?” deyə soruşdu. Düzgün cavab “İndi burdan çıxanda oğlunuza kompüter alın və bax oğlum sənə nə hədiyyə aldım deyin. Sinifi keçdiyi üçün kompüter alacam dediyiniz an, kompütəri bir şərt olaraq göstərmiş olacaqsınız. Ancaq içinizdən gələrək alırsınızsa, bu, mükafat deyil, hədiyyədir. Bu, uşağa zərər verməz.

Uşaqlara bir iş qarşılığında mükafat verdikdə, məqsəd o işi ən yaxşı formada etmək deyil, ən qısa zamanda işi bitirib mükafatı almaq olur.

Uşaqlara mükafat (yəni xarici motivasiya) verdikdə, uşaqlar mükafata çatmaq üçün ən asan işləri seçər. Beləliklə, onlar işi ən asan şəkildə bitirib mükafata çatmaq istər. Bu isə inkişafı dayandırır.

İnsanlar normal vaxtda yarım qalmış işlərini bitirmək istər. Amma uşaq mükafat alanda, iş yarım qalsa belə şəxs bitirdiyini düşünür və o işə geri qayıtmır. Ancaq məqsəd mükafat yox, öyrənmək olsaydı, uşaq öyrənəndən sonra işini buraxardı. Mükafat öyrənmənin yarım qalmasına səbəb olur.

İlin sonu yaxşı rüblüyə (əlaçı olmasına görə) verilən hədiyyə mükafatdır və bu da öyrənməni, iç motivasiyanı öldürür.

Mükafat məqsədi vasitəyə çevirir. Mükafatla ev tapşırığı edən uşaq, ev tapşırığını vasitə, mükafatı isə məqsəd kimi görür. Hətta uşaq ev tapşırığını mükafata gedən yolda maneə gördüyü üçün ondan soyuyur.

Bir sözlə, mükafat inkişafa və öyrənməyə neqativ təsir edir.

Mükafat içində cəza saxladığı kimi, cəza da içində mükafatı saxlayır. Cəza olduğu zaman şəxs “bu işi də eləmərəm, cəzamı da çəkərəm” deyər. Cəza o işi etməməsinə bir növ şərait yaradar, yəni şəxsi buna sövq edər, onun ağlına belə bir variant gətirər.

Mükafat mühiti qınama, dəyərləndirmə obyektinə çevirir, bu da şəxslərdə gərginlik yaradır, onları narahat edir. Xüsusilə ailələr uşaqları arasında müqayisə aparanda, bu, onları dəyərsiz hiss etdirir. Bir uşağı uğuru və ya davranışlarına görə sevmək süni sevgidir, fərdi özü olduğu üçün sevmək isə həqiqi və bu şəxsin sağlam psixalogiyada, uğurlu bir şəxs kimi yetişməsinə köməklik göstərir.

Daxili motivasiyanı təmin edən ən vacib xüsusiyyət inkişafdır.

Bir şəxs işi edə bildiyi və dolayısı ilə işdə inkişaf etdiyi üçün o işdən zövq almağa başlayır. Bir işi etməzsə və ya inkişaf göstərməzsə, o işdən sıxılır. İnkişaf olmadıqda da daxili motivasiya yaranmır. Alimlər müəyyən edib ki, işin çətinliyi şəxsin bacarığından bir az üstündürsə, o şəxs inkişaf edir və o işdən zövq alır. Bəs “bir az” dedikdə nə nəzərdə tutulur? İşin “öhdəsindən gəlinə biləcək çətinlikdə” olması. Şəxs “çalışaraq mən bu səviyəyə çata bilərəm” deməlidi. Ancaq işin səviyyəsi şəxsin bacarığından çox üstündürsə, yəni iş çox çətindirsə, şəxs o səviyyəyə çatmır və narahatlıq hiss edir. Bu narahatlıq uzun müddət davam edirsə,  şəxsdə “öyrəşilmiş çarəsizlik”yaranır. Bu vəziyyətdə şəxs o işdən tamamilə əl çəkir. Bir uşağın ev tapşırığını etməyi və ya məktəbi buraxması kimi.

Digər tərəfdən, işin səviyyəsi şəxsin qabiliyyətinin çox altındadırsa, yəni iş çox asandırsa, şəxs darıxır. O işdən zövq almır. Bu uzun müddət davam edirsə, şəxs o işə maraq itirir.

O zaman bir şəxsin işdən zövq alması üçün, iş nə çətin, nə də çox asan olmalıdı. İş “çata biləcək çətinlikdə” olmalıdır. Bu vəziyyətdə şəxs o işdə inkişaf göstərir. İşlə maraqlanır və o işi diqqətlə, maraqla həyata keçirir. Bir müddət sonra şəxs o işi sevməyə başlayır və iç motivasiya formalaşır. Alimlər buna “eşq sahəsi”deyir.

Qısacası, şəxs bir axış sahəsinə keçmədən ona o işi sevdirmək çox çətindir. İnsanlar sevdikləri işləri yaxşı etmir, yaxşı etdikləri üçün işləri sevirlər.

İşləyən insanların ən xoşbəxt anları inkişaf göstərdikləri andır.

Fikir verin, burda söhbət uğurdan, müvəffəqiyyətdən getmir, söhbət inkişafdan gedir. İnkişaf olmadan uğur özünəinam yaratmaz.