Qadını nikaha daxil olmağa məcburetmə cinayət sayılır.
Konstitusiyaya və Ailə məcəlləsinə əsasən, nikah
münasibətləri könüllülük əsasında qurulur. Hətta Ailə məcəlləsində
nikah – könüllü ittifaq da adlandırılır. Bu səbəbdən də, nikaha daxil olmağa məcbur
etməyə
qanunən icazə verilmir. Nikaha məcbur etmək isə məsuliyyətə səbəb olur.
Məcbur etmə müxtəlif yollarla ola bilər: fiziki zor
tətbiqetmə və yaxud bu barədə hədələmə, onun və ya ailə üzvləri barədə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə maddi və sair
asılılıqdan istifadə etmək və digər üsullarla.
Cinayət məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa
məcburetmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət məsuliyyəti ilə
yanaşı, etibarsız nikah məhkəməyə müraciət edərək, nikahın etibarsız hesab
edilməsi üçün də hüquqi zəmin yaradır.
Ailə məcəlləsinə əsasən,
məcburi nikaha daxil olmuş şəxs, məhkəməyə müraciət edərək, nikahın etibarsız
hesab edilməsini xahiş edə bilər. Bu prosesin adi boşanmadan fərqi odur ki,
nikah etibarsız hesab edildikdə, həmin nikah bağlanmamış sayılır. Etibarsız
nikah ər-arvad arasında qarşılıqlı hüquq və vəzifələr yaratmır. Nikahın
etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması
günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. Yəni
nikahın etibarsız hesab edilməsi atanın aliment ödəmək vəzifəsinə, övladın
vərəsəlik hüquqlarına və sair hüquq və vəzifələrə təsir etmir.