Hər
bir cütlük sağlam ailəyə sahib olmaq, dünyaya sağlam övlad gətirmək və valideyn
olmağı arzulayır. Bunun üçün, ilk növbədə,
gələcək ata və ana sağlam olmalıdır. Nikah öncəsi müayinələr cütlüklərə önəmli
bir gələcək xəritəsi cızır. Belə ki, bu müayinələrdən sonra evlənəcək gənclər əgər
varsa, daşıyıcısı olduqları xəstəliklər, reproduktiv sağlamlıqları eləcə də gələcəkdə
dünyaya gələcək körpələrinin sağlamlığı haqqında ilkin məlumatlar əldə edir.
Azərbaycan
prezidenti İlham Əliyevin 17 dekabr 2014-cü il tarixli fərmanına əsasən, nikaha
daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb
2015-ci il iyunun 1-dən etibarən qüvvəyə minib. Milli Məclisin oktyabrın 17-də
qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən,
ailə həyatı qurmaq istəyən şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilən
xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bu layihə gənclərin ailə
qurduqları zaman sağlamlıqları üçün atılan çox mühüm bir addımdır.
Azərbaycanda
qohum evlilikləri çox olduğu üçün evlilik öncəsi müayinə şərtdir. Bu xəstə
uşaqların anadan olması riskini azaldır. Həmçinin cinsi yolla keçən xəstəliklərin
öyrənilməsi üçün də faydalıdır. Evlilik
zamanı meydana çıxan sağlamlıq riskləri:
1. İnfeksion xəstəliklər: cinsi yolla ötürülən xəstəliklər
(xlamidioz, süzənək, HİV/AİDS, sifilis), Hepatit B, Hepatit C, vərəm və.s.
2. İrsi (genetik) xəstəliklər:
xromosom anomaliyaları, hemoglobinopatiler, talasemiya, metabolik xəstəliklər və.s.
3. Qan (rezus) uyğunsuzluğu
4. Psixiatrik xəstəliklər.