Ana səhifə / LAHİYƏLƏR / Yeni yaradılan Qadın və Uşaq Akademiyasının təsisçisi: “Çarəsiz qadınlara işıq olacağıq”

Yeni yaradılan Qadın və Uşaq Akademiyasının təsisçisi: “Çarəsiz qadınlara işıq olacağıq”

Əlavə etdi: QUA İB | 31.01.2019 | LAHİYƏLƏR
main image

“Qadın və uşaqları maarifləndirmək, psixoloji, hüquqi, tibbi dəstək olmaq, şəhərdə və regionlarda yaşayan qadınlarda özlərinə inam yaratmaq, cəmiyyətə inteqrasiya olmalarına dəstək göstərmək məqsədi ilə ictimai birliyimizi yaratdıq”.

Bu sözləri musavat.com-a müsahibə verən yeni yaradılmış Qadın və Uşaq Akademiyası İctimai Birliyinin təsisçisi, jurnalist Sevinc Fədai deyib.

Onunla söhbətə təşkilatın yaranma prosesindən başladıq: “Jurnalistikaya başlayan dövrdən qadınlarla bağlı yazılar yazıram. İlk çalışdığım qəzetdə təklif etdim ki, qadınlarla bağlı səhifə yaradılsın və orada yazılarım çap olunsun. Rəhbərlik təklifimi xoş qarşıladı və gündəlik mənim yazılarım yayımlandı. Hər zaman istər anamın, istər ətrafımdakı, istərsə də, tanımadığım qadınların problemləri, yaşadıqları məni narahat edib. Daha sonra narahatlığımı, müşahidələrimi köşə yazılarımda ifadə etdim. Sonralar gördüm ki, artıq qadınlar susmur, danışmağa, özlərini ifadə etməyə başlayıb. Mənə nə qədər deyirdilər ki, sənin müraciət etdiyin kateqoriya səni izləmir, onlar sosial şəbəkədə yoxdur, saytları oxumur. Amma mən görürdüm ki, elə deyil. Getdikcə daha çox qadın mənə müraciət edir. Qadınların hər zaman dinlənilməyə ehtiyacı var. Bəzi qadınları anası, həyat yoldaşı, övladı başa düşmür. Onlar içində olan duyğuları, dərdləri bölüşmək istəyirlər. 5 ay əvvəl “Qağayı” səhifəsini yaratdım və gözləmədiyim reaksiyalarla qarşılaşdım. Hər gün onlarla qadın mənə yazır, dərdini bölüşür, məsləhət istəyirdi. Düzünü deyim ki, bəzən utanıram. Çünki anam yaşda olan qadınlar məndən məsləhət istəyir”.

- Xidmətləriniz nədən ibarət olacaq?

- Azərbaycan qadının özünə inamını artırmaq lazımdır. Onlar böyük gücə malik olduğunu bilməlidir. Biz də onlara ilk olaraq özünə inamı aşılayacağıq. Çünki Azərbaycan qadını yaxşı ana, bacı, həyat yoldaşı, evdar xanım ola bilir. Amma əsl qadın ola bilmir. Özünü qadın olaraq xoşbəxt etməyə çalışmır. Bizim ətrafımızda xoşbəxt görünən, daim gülən qadınlar var. Amma daxili aləmində xoşbəxt deyil.  Ailə həyatı alınmayan, özünü bədbəxt hiss edən, mənəvi, fiziki, psixoloji şiddətə məruz qalan qadınlar düşünürlər ki, çıxış yolu yoxdur, onlar çarəsizdir. Biz göstərəcəyik ki bu belə deyil. Onlara yardım edə biləcək, qapısını aça biləcək insanlar var. Biz əsasən qadınların və övladlarının maariflənməsinə çalışacağıq. Onlara tibbi, hüquqi, psixoloji dəstək olmaq fikrindəyik. Qadınların dünya görüşlü, savadlı, hüquqlarını bilən insanlar olmasını istəyirik. Bunlar evdə yemək bişirərək, paltar yuyaraq olmur. Hər qadının müəyyən çevrəsi olmalıdır. Biz də insanlara çatdırmaq istəyirik ki, yaşın və yaşadıqlarının fərqi yoxdur, heç vaxt heç nə üçün gec deyil. Hər zaman özlərini inkişaf etdirə bilərlər.

- İnternetə çıxışı olmayan, həyat yoldaşı tərəfindən şiddətə məruz qalsa da, heç bir vasitə ilə səsini eşitdirə bilməyən qadınlar üçün bir yardım planınız varmı?
-  Təşkilatı yaratmaqda əsas məqsədim o qadınlara yardım etməkdir. Çünki fiziki şəxs, jurnalist, qadın kimi sözügedən qadınlara yardım edə bilmirdim. Mən də təşkilatı yaratdım ki, hüquqi addımlar ata bilim və qadınlara daha faydalı olum.

- Sizə dəstək olmaq istəyən şəxslər və ya qurumlar varmı?

- Bir müddət öncə təşkilat barədə sosial şəbəkədə paylaşım etmişdim. O zaman müsbət reaksiya  aldım. Mənə onlarla qadın və kişi yanımızda olmağa hazır olduğunu dedi. Bundan əlavə “Qağayı” səhifəsi artıq böyük auditoriya toplayıb. Mən də düşündüm ki, burdan yardım etmək istədiyim insanlar üçün istifadə edə bilərəm. Qərar verdim ki, bizim istiqamətə uyğun ictimai iaşə obyektləri, xidmət sektorları ilə əməkdaşlıq edim. Və artıq 2-3 belə əməkdaşlığa nail olmuşam. Tədris mərkəzləri, qadın geyim mağazalarını reklam qarşılığında əldə etdiyim gəliri qadın və uşaqların təhsil, hər hansı bacarığını inkişaf etdirmək, kitabla təmin etmək məqsədilə sərf edəcəyəm. Düşünürəm ki, hər kəs əlindən gələn ən kiçik köməyi belə etməkdən boyun qaçırmamalıdır. Bununla əslində necə böyük bir iş gördüyümüzün fərqində olmağımızı istəyirəm. Bir söz, bir kitab, bir görüş, kiçik bir maddi dəstək, işlə təminetmə belə necə həyatlar xilas edir, həyatın yönünü, düşüncə tərzini yaxşıya doğru dəyişir.

- Bir məqsədiniz də uşaqları qorumaqdır.

- Məni çoxdandır ailəsindən travma alan insan narahat edir. Uşaqlıqda travma alan uşaqlar çox vaxt böyüyəndə cəmiyyətə faydasız olur. Onlar ailə həyatında da problemlər yaşayır. Biz ailələrə uşaqlara travma yaşatmamağa çağıracağıq.

- Bir reallıq da var ki, sizin fəaliyyətiniz birmənalı qarşılanmayacaq. Həyat yoldaşından şiddət görmüş qadın sizə sığınanda onun ailəsi, əri sizə hücum çəkəcək...

- Bunlara hazıram. Hər hansı qadın öldürüləndə, bununla bağlı status yazıram, qadınlara şiddətə göz yummamağa çağırıram, onlara hüquqlarını bilməsini məsləhət görürəm. O zaman görürəm ki, insanlar mənə qarşı çıxır. Deyirlər ki, siz qadınların azad olmasını, onların soyunmasını istəyirsiniz. Onlara başa salırıq ki, azad olmaq, hüququnu bilmək soyunmaq deyil. Biz qadının özünü müdafiə edə bilməsini istəyirik. Demirik ki, qadının ailəsi olmasın, əxlaqsız həyat sürsün. Sadəcə onların əzilməməyini istəyirik. Əxlaq qadının öldürülməməyidir, onun yanında olmaqdır. Qadını evdə qapalı qapı arxasında saxlayıb, əziyyət vermək ən böyük əxlaqsızlıqdır.

- Tez-tez qadınların sizə problemləri ilə bağlı müraciət etdiyini dediniz. Sizi ən çox məyus edən tale və ya hadisə hansı olub?

- Bəzən elə şeylər yazırlar ki, kompüterin qarşısında donub qalıram, söz tapmıram. Yazıram ki, xanım, sizə yazacağam. Beynim qızına, həyat yoldaşına 15 il necə şiddət göstərə, əzab verə biləcəyini qəbul edə bilmir. Təəssüf ki, qadınların şiddət gördüyü evdən getməyə yerləri yoxdur. Onlar deyir ki, ata evinə dönsəm, daha betər tale onu gözləyir. Bəzən deyirlər ki, təhsilim yoxdur, ər evindən getsəm, uşağım ac qalar. Biz də demək istəyirik ki, bir qarın çörəkdən ötrü uşaqlarınıza cəhənnəm əzabı yaşatmayın. Uşağın atalı-analı evdə böyüməsi gözəldir. Amma uşağın travmalı böyüməsi insanlıq, cəmiyyət üçün faciədir. Biz insanların həyatını dəyişmək üçün çalışacğıq.

- Qadınlar sizinlə hansı vasitələrlə əlaqə saxlaya bilər? Təşkilata məxsus məkanınız olacaqmı?

- Sentyabrın 29-da, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində tanıtım tədbiri keçirəcəyik. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, təhsil sektorunun nümayəndələri, hüquq müdafiəçiləri, sosioloq, psixoloq, mədəniyyət adamları, jurnalistlər, həkim, digər ziyalı kəsimin üzvləri, hətta valideyn və övladları iştirak edəcək, öz sözlərini deyəcəklər.

Sizin vasitənizlə isə tanınmış sənət adamlarına da səslənmək istəyirəm. Onların səsini duyanlar daha çoxdur. İş qadını Ruhi Əliyeva, xalq artisti Faiq Ağayev, əməkdar artist Lalə Məmmədova, müğənnilər Murad Arif, Günay İbrahimli, Nura Suri, Elnarə Xəlilova daim qadına dəstək olub, şiddətə yox deyib. İstəyirik ki, 29-da bizim yanımızda olsunlar. Onlardan hər hansı maddi dəstək gözləmirik. Sadəcə qadınlara səslənsinlər, dəstəklərini ifadə etsinlər.

Tədbirdən sonra isə Ədliyyə Nazirliyinə rəsmi müraciət edəcəyik. Dövlət dəstəyi ala bilsək, məkan açmaq barədə düşünəcəyik. Hələ ki, büdcəmiz buna imkan vermir.

Əlaqə vasitələrimizə gəldikdə isə insanlar mənə “Qağayı” səhifəsindən və şəxsi “Facebook” hesabımdan yaza bilərlər. Orada mobil nömrəm də yazılıb, telefon vasitəsilə də yazıb, kömək istəyə, dərdini bölüşə bilərlər. Bir sözlə, çarəsiz qadın və uşaqlara işıq olacağıq.


Mənbə: Müsavat.com

Yeni yaradılan Qadın və Uşaq Akademiyasının təsisçisi: “Çarəsiz qadınlara işıq olacağıq”
Paylaş: