Ana səhifə / LAHİYƏLƏR / Şəhid ailələrinə dəstək üçün ziyarətlər başladı - FOTOLAR

Şəhid ailələrinə dəstək üçün ziyarətlər başladı - FOTOLAR

Əlavə etdi: QUA İB | 29.09.2021 | LAHİYƏLƏR
main image

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi zamanı sadəcə hərbi qulluqçularımızı itirmirik, həm də şəhid qəhrəmanlarımızın ailələrinin böyük mənəvi yükü və borcu ilə üzbəüz qalırıq.

Şəhid xanımı olmaq nə qədər uca bir məqam olsa da, həyatın bu ağır və çətin sınağı qarşısında mətanətli dayanmaq onlar üçün bir o qədər də asan olmur. Qürur fonunda şəhid xanımlarının həyatına və qəlbinə çökən bədbinlik onların övladlarının da düşüncələrinə, fiziki və psixoloji sağlamlılığına təsirsiz ötüşmür.


Qadın ana olmaqla bərabər, cəmiyyətin əsas dayaqlarından biridir. Övladlarını milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Haqqında böyük fəxrlə danışdığımız “44 günlük Vətən müharibəsi”nin şəhadətə yüksəlmiş qəhrəman oğullarının ailə üzvlərinin psixoloji sağlamlığı vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi müxtəlif layihə və tədbirlər çərçivəsində mümkündür. Bu ailələrə göstərilən qayğı və sosial dəstək – maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə verilən müavinətlərlə yanaşı, mənəvi və psixoloji dəstək olduqca vacibdir.


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi bu məqsədlə 44 günlük Vətən müharibəsinin ildönümündə şəhid ailələrini ziyarət etməyə başlayıb. Birliyin bu ziyarətlərdə bir məqsədi də təşkilat üzvlərinin övladları ilə şəhid övladları arasında dostluq bünövrəsini qoymaq olub. Bu mənada şəhid ailələrini ziyarətlər və tanışlıqlar davam etdiriləcək.


İlk görüş Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıqlara görə "Qarabağ", "Vətən uğrunda" və digər medallarla təltif edilən şəhid mayor Elsevər Paşayevin qızları 7 yaşlı Nəzrin və 3 yaşlı Banu ilə olub. Onlarla görüşdə Birliyin sədri Sevinc Fədai və oğlu Ucal, Birliyin üzvü - Birinci Qarabağ müharibəsi şəhidinin qızı Gülnar Əliyeva, Birliyin psixoloqu Rübabə Mərdanova və oğlu Murad, Birliyin üzvü Mətanət Həsənova və şagirdləri Amin və Fatimə iştirak ediblər. Onlar şəhidin xanımı Xəyalə Paşayeva ilə söhbət edib, uşaqlarla maraqlı oyunlar oynayıblar.


2-ci sinifdə oxuyan Nəzrin bildirib ki, o, böyüyəndə hərbi həkim olmaq və hərbçilərimizi xilas etmək istəyir. Digər uşaqlar da öz arzularını səsləndirib və onlar arasında ünsiyyət qurulub, isti münasibət yaranıb. Ziyarət zamanı söhbət və oyunlar uşaqların sevincinə səbəb olub. Onlara kitablar, məktəb ləvazimatları, oyuncaqlar və s. hədiyyə edilib.


Elsevər Paşayevin timsalında vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik.

Şəhid ailələrinə dəstək üçün ziyarətlər başladı - FOTOLAR
Şəhid ailələrinə dəstək üçün ziyarətlər başladı - FOTOLAR
Şəhid ailələrinə dəstək üçün ziyarətlər başladı - FOTOLAR
Paylaş: